ABŞ səfirliyi Qətərdə yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə davam edən eskalasiyalar fonunda ABŞ-nin Qətərdəki
səfirliyi körfəz ölkəsində yaşayan Birləşmiş Ştatlar vətəndaşlarını
dərhal ölkə hüdudlarını tərk etməyə çağırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Qətərdəki səfirliyinin
“X” səhifəsində məlumat yayılıb.

“Martın 3-də Dövlət Departamenti silahlı münaqişə təhlükəsi ilə
əlaqədar olaraq fövqəladə vəzifələrdə olanları istisna olmaqla ABŞ
hökumətinin əməkdaşlarına və onların ailə üzvlərinə Qətəri tərk
etməyi tapşırıb. Təhlükəsiz olduğu təqdirdə, amerikalılar Qətəri
elə indi tərk etməlidirlər. Qətərin hava məkanı və dəniz
marşrutları bağlı olaraq qalır. Səudiyyə Ərəbistanı ilə Salva quru
sərhəd-keçid məntəqəsi hazırda açıqdır”,-məlumatda qeyd olunur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.




Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.