Bakı. Trend:
İranda Müvəqqəti Liderlik Şurasının üzvləri İran prezidenti
Məsud Pezeşkian, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi
və Konstitusiyaya Nəzarət Şurasının üzvlərindən biri Ayətulla
Əlirza Ərafi olacaq.
Trend-in
məlumatına görə, bunu İranın Məsləhət Şurasının sözçüsü Möhsün
Dehnəvi “X” platformasındakı hesabında bildirib.
Onun sözlərinə görə, konstitusiyanın 111-ci maddəsinə əsasən
yeni lider təyin olunana qədər sözügedən şəxslər tərəfindən
Müvəqqəti Liderlik Şurası idarə olunacaq.
Dehnəvi bildirib ki, tez bir zamanda Ayətullah Ərafi seçilib ki,
rəhbərlik durmadan davam etsin və Xobrəqan-Ekspertlər iclası tez
bir zamanda daimi lideri seçsinlər.
Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İran
lideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranın
Xobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması və
elan olunması üçün addım atır. Lider elan olunana qədər prezident,
məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisinin
seçdiyi bir dini alim liderin bütün vəzifələrini müvəqqəti icra
edirlər. Bu müddət ərzində üç nəfərdən hər hansı biri öz vəzifəsini
yerinə yetirə bilməzsə, Xobrəqan-Ekspertlər Məclisinin seçimi ilə
həmin şəxsin yerinə seçilir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.
İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

