Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya
Federativ Demokratik Respublikasında səfərdədir.

Trend xəbər verir
ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri
Fitsum Assefa Adela qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidentinin şərəfinə Efiopiyanın
qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi
təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı
haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz
ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya
qəhvəsi təqdim olunub.

Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib.
Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş
nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos
qarşılayıb.

Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında
ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa
olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm
binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi
kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də
müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə
ötürmək məqsədi daşıyır.

Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən
kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv
eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən
təmiz dizayn elementləri yer alır.

Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal
bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji
tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar
və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7
milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal
transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla
yanaşı, həm müasir elmi, həm də milli irsi uğurla nümayiş
etdirir.