
Bakı. Trend:
ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsız
hesablaşmalara münasibətdə 2 dəfə artırılıb.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Mövcud qanunvericiliyə görə, ƏDV-nin məqsədləri üçün məcburi və
ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi forma üzrə verilməlidir.
Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı
həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və
ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat
bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona
aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və
VÖEN-i göstərməyə borcludur.
ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə
verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi
itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin
müraciəti əsasında ona bildirişin surəti verilir.
Məcburi qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı
olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:
- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi
tutulan əməliyyatların həcmi 200 min manatdan artıq
olduqda – növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın
ümumi dəyəri 200 min manatdan artıq olduqda –
əməliyyatın aparıldığı günədək; - aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların
istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı
gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin
fəaliyyəti həyata keçirməyə başladığı gündə.
Qanuna əsaəsn, ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat
limiti artırılıb (200 min manatlıq dövriyyə həddi
pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə
göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2
dəfə artırılaraq 400 min manata çatdırılıb).
Bildirilib ki, aparılan sosial-iqtisadi islahatların əsas
hədəflərindən biri nağdsız hesablaşmaların xüsusi çəkisinin
əhəmiyyətli dərəcədə artırılmasıdır. Bunun nəticəsidir ki, son
illərdə iqtisadiyyatda nağdsız əməliyyatların xüsusi çəkisində
əhəmiyyətli artımlar baş verib. Bu sahədə aparılan islahatların
davamı kimi nağdsız əməliyyatların sitmullaşdırılması məqsədilə
ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsız
hesablaşmalara münasibətdə artırılıb.
Belə ki, Vergi Məcəlləsinə əsasən ardıcıl 12 aylıq dövrdə vergi
tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduqda vergi
ödəyicisinin ƏDV qeydiyyatına durmaq öhdəliyi yaranır. Nağdsız
ödənişlərin həcminin daha da artırılması məqsədilə ƏDV qeydiyyat
öhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddi pərakəndə ticarət
və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər
üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılıb.
Bununla da, ƏDV qeydiyyat həddi maksimum 400 min manata
çatdırılmaqla dövriyyənin nağdsız formalaşması
stimullaşdırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


