
Bakı.Trend:
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evində
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə
tədbir keçirilib.
Bu barədə
Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulu
Zamin Əliyev, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel,
“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş, yerli
ictimaiyyətin nümayəndələri, gənclər və media təmsilçiləri iştirak
ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb,
Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraq
milli kimliyini, dilini və mədəniyyətini qoruyub saxladığını qeyd
edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki
dövlət” prinsipi üzərində qurulduğunu və bu qardaşlığın sarsılmaz
olduğunu bildirib.
Tədbirdə çıxış edən Baş konsul Zamin Əliyev və “Yeşil İğdır”
qəzetinin baş redaktoru Cabbar Şıktaş Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün diaspor fəaliyyətində xüsusi önəm daşıdığını
vurğulayıblar, Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə
təbrik ediblər.
Bədii hissədə İğdır Universitetinin musiqi fakültəsinin müəllimi
Mehriban Məmmədəliyevanın müşayiəti ilə tələbələr Azərbaycan xalq
mahnılarını ifa ediblər.


