
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də
davam etdirilib.
Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün
vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası
təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam
etdirilir.
Qeyd edilib ki, ötən məhkəmə iclası zamanı fasilə elan
olunduğundan təqsirləndirilən David Babayan çıxışını indiki məhkəmə
iclasında davam etdirəcək.
D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə
əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız
olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab
etmirəm”, – deyə D.Babayan bildirib.
O, çıxışında müdafiəçilərə və tərcüməçilərə təşəkkür edib.
Təqsirləndirilən Levon Mnatsakanyan son sözünü rus dilində etmək
istədiyini deyib. Ona çıxışını rus dilində etməyə şərait
yaradılıb.
Təqsirləndirilən şəxs deyib: “Qarabağ (qondarma rejimi nəzərdə
tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi
çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün
əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı
qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən
hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları
zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam.
Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin
etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb
olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa
parametrlərə görə təyin ediblər”.
Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların
döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət
bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı
könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara
pul verilmirdi”.
L.Mnatsakanyan məhkəmədə onun əleyhinə ifadə vermiş zərərçəkmiş
İlham Məmmədovun dedikləri barədə də danışıb (Xatırladaq ki,
İ.Məmmədov oktyabrın 2-də keçirilmiş məhkəmə iclası zamanı
ifadəsində Ermənistan silahı qüvvələrinin hərbçiləri tərəfindən
döyüldüyünü, işgəncələrə məruz qaldığını, onu döyən zabitlər
arasında Levon adlı zabitin xüsusi qəddarlıq nümayiş etdirdiyini
deyib. Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən
prokurorların suallarına cavabında L.Mnatsakanyanı göstərərək
qəddarlıq edən şəxsin o olduğunu söyləyib – red.). Deyib ki,
İ.Məmmədova işgəncə verilməyib.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi
hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin
dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç
bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən
şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə
keçirilən məktəbdə – red.) olmuşam. Lakin mən çox gec, müşavirə
başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi.
Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf
kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki
müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan
təxliyə olunmasını danışırdıq. Onlar (müşavirə keçirənlər – red.)
isə ora gəlmişdilər və xahiş eləmişdilər ki, iki saatlıq müşavirə
keçirmək üçün otaq ayrılsın. Sədr isə onlara həmin kabineti təqdim
eləmişdi. Yəni, mənim olmamağımdan istifadə edərək işlətdiyim
kabineti təqdim eləmişdi. Mən gələn vaxt artıq orada müşavirə
keçirilirdi. Həmin otağa daxil oldum və Artur Ağabekyanla kənarda
oturdum. Bu, sadəcə, bir təsadüf idi.
Müşavirədən mənə aydın oldu ki, orada üç ehtiyat batalyonu, bir
tank batalyonu, bir artilleriya divizyonu döyüş üçün hazırlanıb.
Həmin əməliyyat nəticəsində yol bağlanmalı idi. Hansı ki, orada
təchizat işləri görülürdü, yəni hərbiçilər təchizatla təmin
edilirdilər. Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi
Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin
əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi
gün saat 5-ə təyin etmişdilər. Təşkilatçılar getdikdən sonra
iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq
işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt
verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu
səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə
onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər?
Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım.
Fikirləşdim ki, bu, onların öz işləridir”.
Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri
barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı
qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu
deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini
və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan
hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.
Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.


