Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Əməkdar bədən tərbiyəsi və idman xadimi,
Əməkdar elm xadimi, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli ” Vətənə
xidmətə görə” ordenləri ilə təltif olunmuş Ağacan Abiyevin şərəfinə
həsr olunmuş birinci boks turnirinin açılış mərasimi keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,
2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən
turnirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni
səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Parad iştirakçıları, məşqçilər və hakimlər marş
sədaları altında idman arenasına daxil olublar.

Açılış mərasimində gənclər və idman nazirinin müavini Fərhad
Hacıyev çıxış edərək Ağacan Abiyevin Azərbaycan idmanındakı əvəzsiz
xidmətlərindən və ölkəmizdə boksun inkişafına verdiyi mühüm
töhfələrdən danışıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
turnirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O
bildirib ki, müstəqillik dövründə Azərbaycanda yeniyetmələr
arasında ilk beynəlxalq turnirin təşəbbüskarı məhz Ağacan Abiyev
olub.

Çingiz Hüseynzadə vurğulayıb ki, 1990-cı illərin sonlarında bu
turnirin təşkil edilməsi Azərbaycanın beynəlxalq idman arenalarında
təşkilatçı ölkə kimi tanınmasında mühüm rol oynayıb və bu
istiqamətdə Ağacan Abiyevin xidmətləri əvəzsizdir. MOK rəsmisi bu
yaxınlarda Ağacan Abiyevin Avropa Olimpiya Akademiyası tərəfindən
Avropa Olimpiya Hərəkatında və idmanın inkişafında göstərdiyi
xidmətlərə görə xüsusi mükafata layiq görülüldüyünü qeyd edərək
həmin mükafatı Ağacan Abiyevə təqdim edib.

Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir
Hüseynov turnirin əhəmiyyətindən danışaraq ötən həftə Azərbaycanın
ən gənc boksçusu Sübhan Məmmədovun dünya çempionu olduğunu
vurğulayıb və onun dünyada bu uğura layiq görülən ən gənc boksçu
olduğunu diqqətə çatdırıb.

Tədbirdə Ağacan Abiyev boks əlcəyini imzalayaraq Sübhan
Məmmədova verib.




Dünya çempionu Sübhan Məmmədov çıxışında Ağacan Abiyevə dəyərli
hədiyyəyə görə minnətdarlığını bildirərək, Olimpiya Oyunlarında da
eyni uğuru təkrarlayacağına əminliyini ifadə edib.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Ağacan
Abiyevin xidmətlərindən danışaraq bildirib ki, o, 28 ilə yaxın
İdman Akademiyasına rəhbərlik edib və beynəlxalq dərəcəli hakim
olmaqla yanaşı, elm adamı və pedaqoq kimi gənc idmançıların
formalaşmasında xüsusi rol oynayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman
Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira
Meftaxetdinova turnirin yeniyetmə idmançılar üçün əhəmiyyətini
vurğulayıb. O, ardınca Azərbaycan İdman Veteranları İctimai
Birliyinin üzv kitabçasını Ağacan Abiyevə təqdim edib.

Mərasimdə boks üzrə beynəlxalq dərəcəli hakim Elnur Məmmədli
turnirin təşkilatçılarına minnətdarlığını bildirərək yarış
iştirakçılarına uğurlar arzulayıb.

Sonra turnirin hakimlər heyəti yarış iştirakçılarına təqdim
edilib. Tədbirdə Ağacan Abıyev haqqında videoçarx təqdim edilib.
Tədbirin bədii hissəsindən sonra 1/4 final yarışlarına start
verilib.

Qeyd edək ki, dekabrın 19-dək davam edəcək turnirdə Bakının “Qızıl əlcək”, “Dinamo”, “Təhsil”, “Neftçi” , AHTİA, MOİK
komandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxın
boksçu qüvəsini sınayır.

18 çəki dərəcəsi üzrə keçiriləcək yarışların baş hakimi
beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir. Turnirin final
görüşləri dekabrın 19-da keçiriləcək.