Bakı. Trend:
Aqrar sahə üzrə idxal-ixrac həcmləri son 5 ildə balanslaşıb,
yəni təqribən 1 milyard ABŞ dolları həcmində özünü ehtiva edir.
Trend xəbər
verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu
gün Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad”
tədbirində bildirib.
“Amma ixracın həcmində son illər ciddi artım müşahidə olunur.
Son 5 ildə aqrar məhsulları ixracı 43% artıb. Bu müqayisəni 2015-ci
ildəki göstərici ilə etsək, 2,9 dəfə artım olduğunu görə bilərik.
10 il əvvəl idxal-ixrac fərqi daha böyük idisə, indi artıq balansın
olduğunu müşahidə edirik. Hədəfimiz bu il və növbəti il müsbət
saldoya nail olmaqdır”, – o bildirib.
“2025-ci ilin ilk 10 ayında aqrar sahə üzrə 27,5 % ixracda artım
qeydə alınıb. Bu ixracda əsas payı meyvə-tərəvəz ixracı göstərib”,
– Z. Əliyev qeyd edib.

