Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin
oktyabr ayına nisbətən 105,9 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 108,2 faiz, qeyri-qida
məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 105,6 faiz təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında
isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil
edib.




Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal və
qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq
məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə
yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin,
badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad
məmulatlarının, qara və yaşıl çayın, ucuzlaşma isə limonun,
portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün,
kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın,
soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr
aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz
təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida
məhsullarından daha çox bahalaşma geyimlərin, şəxsi gigiyena və
zərgərlik məmulatlarının, ucuzlaşma isə yuyucu və təmizləyici
vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib

2025-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli
xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
100,4 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq
dövrünə nisbətən 106,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki
ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma
əsasən mənzillərin kirayəyə verilməsi, metro, taksi, şəhər və
şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin,
restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin,
ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma
xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli
xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.