Bakı. Trend:
Pakistanın milli aviaşirkəti Pakistan Beynəlxalq Hava Yolları
(PIA), 5 illik fasilədən sonra İngiltərəyə birbaşa uçuşları bərpa
edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ilk reys İslamabaddan Mançesterə
həyata keçirilib.
Bu, şirkətin 2020-ci ildə baş verən faciəvi qəza və saxta pilot
lisenziyası qalmaqalı səbəbindən tətbiq olunan beynəlxalq qadağanın
ardından ilk uçuşdur.
Böyük Britaniya və Avropa İttifaqı, 2020-ci ilin iyun ayında
Kəraçidə baş vermiş qəza və pilotların saxta lisenziyaları ilə
bağlı araşdırmaların ardından PIA-nı beynəlxalq uçuşlardan
müvəqqəti olaraq uzaqlaşdırmışdı. Avropa İttifaqı Aviasiya
Təhlükəsizliyi Agentliyi (EASA), 2024-cü ilin noyabrında şirkətin
təhlükəsizlik standartlarını bərpa etməsi ilə bağlı müsbət
qiymətləndirmə verərək qadağanı qaldırıb.
PIA, Mançester istiqamətindəki uçuşları bərpa etdikdən sonra
London və Birmingem istiqamətlərini də mərhələli şəkildə açmağı
planlaşdırır. Şirkət, bu addımın Amerika Birləşmiş Ştatlarına
uçuşların bərpası üçün müsbət təsir göstərəcəyini və bu istiqamətdə
danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, 2020-ci ilin may ayında Kəracidə Pakistan
Beynəlxalq Hava Yollarına məxsus PK8303 reysinin qəzaya uğraması
nəticəsində 97 nəfər həlak olmuşdu. Qəzanın araşdırılması zamanı
ölkədə fəaliyyət göstərən pilotların təxminən 30%-nin saxta və ya
düzgün qaydada əldə edilməmiş pilot lisenziyalarına sahib olduğu
müəyyən edilib.
Bu qalmaqalın ardından Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi
Agentliyi (EASA) və Böyük Britaniya Mülki Aviasiya İdarəsi Pakistan
Beynəlxalq Hava Yollarının Avropa və Böyük Britaniyaya uçuşlarını
müddətsiz olaraq dayandırıb.

