Avrozonada dövlət borcunun ÜDM-ə nisbəti artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ikinci rübünün sonunda Avrozonada (EA20) dövlətin ümumi
borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 88,2 faiz təşkil edib.
Bu göstərici ilin birinci rübünün sonu (87,7 faiz) ilə müqayisədə
artıb. Avropa İttifaqında (Aİ) isə bu borcun ÜDM-ə nisbəti 81,5
faizdən 81,9 faizə yüksəlib.

Trend xəbər verir ki, bu
barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatında
bildirilib.




Ötən ilin ikinci rübü ilə müqayisədə dövlət borcunun ÜDM-ə
nisbəti həm avrozonada (87,7 faizdən 88,2 faizə), həm də bütövlükdə
Avropa İttifaqında (81,2 faizdən 81,9 faizə) artıb. Dövlət borcunun
əsas hissəsini qiymətli kağızlar təşkil edib. Bu kateqoriya
avrozonada 84,2 faiz, Aİ-də isə 83,7 faiz olub. Kreditlərin payı
avrozonada 13,2 faiz, Aİ-də isə 13,8 faiz, pul və depozitlər isə
hər iki iqtisadi məkan üzrə 2,5 faiz təşkil edib.

Dövlət borcunun ÜDM-ə nisbəti üzrə ən yüksək göstəricilər
Yunanıstanda (151,2 faiz), İtaliyada (138,3 faiz), Fransada (115,8
faiz), Belçikada (106,2 faiz) və İspaniyada (103,4 faiz) müşahidə
olunub. Ən aşağı göstəricilər isə Estoniyada (23,2 faiz),
Lüksemburqda (25,1 faiz), Bolqarıstanda (26,3 faiz) və Danimarkada
(29,7 faiz) qeydə alınıb.