
Astana. Trend:
Qazaxıstan MDB ölkələrini Xəzərin qorunması ilə bağlı təşəbbüsə
qoşulmağa çağırıb.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında
etdiyi çıxışda danışıb.
“Fövqəladə iqlim və texnogen vəziyyətlərin proqnozlaşdırılması
üzrə Regional Mərkəz yaradaraq səylərimizi birləşdirməyi təklif
edirik. Xəzər dənizinin sürətlə səthinin azalması ciddi narahatlıq
doğurur. Əslində, bu artıq regional yox, qlobal problemdir. Buna
görə də, bizim təşəbbüsümüzlə hazırlanmaqda olan Xəzərin su
ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqrama qoşulmağı
təklif edirik. Bu qədər vacib sənədin hazırlanmasına, Xəzər hövzəsi
ölkələrindən əlavə, bütün maraqlı dövlətlər və beynəlxalq
təşkilatlar cəlb edilə bilər”,- Prezident əlavə edib.
Tokayev ekoloji təhdidlərin, təbii fəlakətlərin və texnogen
qəzalarn MDB ölkələrinin dayanıqlı inkişafı üçün ciddi risk
yaratdığını söyləyib. O, bu cür böhranların erkən aşkar edilməsi və
qarşısının alınması üçün effektiv alətlərin istifadəsinin
əhəmiyyətini vurğulayıb.


