
Bakı. Trend:
Türk dünyası ailəsinin üzvü olan Azərbaycan Respublikası ilə
Türkmənistan Respublikasını qədim tarix, ortaq köklər və birgə
mədəni-mənəvi dəyərlər birləşdirir.
Trend
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son illər iki ölkə arasında münasibətlər sürətlə
inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq
dərinləşir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti
Günləri keçiriləcək.
Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət
ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər
edəcək.
Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsində
Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey
eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.
Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan
ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.
Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da
yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə
olacaq.


