
Bakı. Trend:
Bu ilin ötən dövründə ümumilikdə 57 nəfər Sosial Xidmətlər
Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə
yerləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial
xidmət müəssisəsi fəaliyyət göstərir.
“Prezident İlham Əliyevin yaşlı, ahıl insanlara xüsusi
qayğısının daha bir təzahürü kimi, son illərdə bu sosial xidmət
müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5
mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Müəsissədə
hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu,
televizor və s. təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli
sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı
keçirmələri üçün şərait yaradılıb. Burada kitabxana və idman
zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s.
ahılların istifadəsindədir. Ahıl şəxslər üçün sosial xidmət
müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən
özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi
olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni
nümayəndələri olmayan şəxslər qəbul edilir. Hazırda müəssisədə 230
ahılımız dövlət himayəsində yaşayır. Onlardan 118-i kişi, 112-si
qadındır. Bu ilin ötən dövründə ümumilikdə 57 nəfər bu müəssisəyə
yerləşdirilib”.
Agentlikdən bildirilib ki, müəssisədə ahıllara stasionar formada
sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır,
cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının
alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası
həyata keçirilir.
“Ahıllarımız burada hərtərəfli dövlət qayğısı ilə əhatə
olunurlar.
Burada sakinlərin sosial inteqrasiyası üçün də işlər aparılır.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər
görülür, ahıllarımız idman yarışları, gimnastika məşğələləri,
mədəni tədbirlər, ekskursiyalar, bayram proqramları və yaradıcılıq
fəaliyyətlərinə cəlb olunurlar. Bu onların həm sağlamlığının
qorunmasına, həm də cəmiyyətlə ünsiyyət imkanlarının genişlənməsinə
xidmət edir”,- deyə məlumatda qeyd edilib.


