Fuad Muradov Yaponiyadakı Azərbaycan icması ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Yaponiyanın Osaka şəhərində Azərbaycan icması
ilə görüşüb.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, görüşdə Yaponiyanın 10-dan çox şəhərində yaşayan
soydaşlarımız və ölkəmizi sevən xaricilər iştirak edib.

“Xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyəti dövlətimizin
diqqət mərkəzindədir” – bu sözləri Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri icma ilə görüşü zamanı səsləndirib.
Soydaşlarımıza Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən diaspor siyasəti, ölkəmizin Birinci vitse-prezidenti
Mehriban Əliyevanın mədəniyyətimizin beynəlxalq miqyasda
təntənəsinə göstərdiyi qayğı barədə məlumat verilib, diaspor
fəaliyyəti sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması
imkanlarından danışılıb.

Nəzərə çatdırılıb ki, Osakada keçirilən “Expo 2025”-də
Azərbaycanın təmsilçiliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycan pavilyonunun qurulması ölkəmizin daha geniş arealda
tanıdılması baxımından mühüm hadisədir və bu qədər əhəmiyyətli
tədbir çərçivəsində icmamızla görüşün təşkili xüsusi əhəmiyyət
daşıyır.

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli
səfiri Gursel İsmayılzadə icma ilə keçirilən görüşün əhəmiyyətinə
diqqət çəkib və bu görüşlərin icma daxilində şəbəkələşmənin
sürətlənməsinə təsirini müsbət qiymətləndirib.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər
Yaponiyadakı Azərbaycan icmasının gördüyü işlərdən, soydaşlarımızın
cəmiyyətə uğurlu inteqrasiyasından və diaspor fəaliyyəti
sahəsindəki birgə təşəbbüslərin əhəmiyyətindən danışıb.




Azərbaycan Respublikasının Xalq artisti, professor Yalçın
Adıgözəlov mədəniyyətimizin Yaponiyada tanıdılmasında
soydaşlarımızın əvəzsiz xidmətlərini yüksək qiymətləndirib, onlara
uğurlar arzu edib.

Yaponiyada yaşayan musiqiçi Gülnarə Səfərovaya təltif olunduğu
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının
medalı təqdim olunub. Gülnarə Səfərova diaspor fəaliyyətinə görə
təltif olunmaqdan böyük qürur hissi keçirdiyini bildirib.

Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən
bəhs edən videoçarxlar nümayiş olunub.

Yaponiyadakı Azərbaycan icması ilə görüş fikir mübadiləsinin
aparılması və sualların cavablandırılması ilə davam edib.
Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşüb, Yaponiyadakı
icmaya göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq
ediblər.

İcma görüşü azərbaycanlı və yapon sənət adamlarının birgə
iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb. Açıq havada təşkil
olunan konsert proqramını “Expo 2025”-ə gələn yüzlərlə iştirakçı
böyük maraqla izləyib. Azərbaycanlı və yapon sənətkarların ifasında
səslənən milli musiqilərimiz, rəqslərimiz qəlb oxşayıb, tamaşaçılar
arasında böyük coşqu yaradıb.

Konsert proqramı Azərbaycan və Yaponiyanın zəngin mədəniyyətini
bir araya gətirən, ortaq dəyərlərə və dostluq münasibətlərinə həsr
olunan, iki ölkə arasında mədəni əməkdaşlığa yeni nəfəs verən
mədəniyyət bayramına çevrilib.