
Bakı. Trend:
Braziliyada bu gün dərc olunan rəy sorğusuna əsasən, solçu
prezident Lula oktyabrın 25-də keçiriləcək prezident seçkilərinin
ikinci turu ərəfəsində mühafizəkar senator Flavio Bolsonaro ilə
arasındakı fərqi iki faiz bəndinədək azaldıb.
Braziliyanın aparıcı sorğu mərkəzlərindən biri olan
“Datafolha”nın nəticələrinə görə, 80 yaşlı Luiz İnasio Lula da
Silva respondentlərin 49 faizinin səsini qazanır. Həddindən artıq
sağçı keçmiş prezident Jair Bolsonaronun oğlu isə 51 faiz dəstəyə
malikdir. Sorğunun xəta payı iki faiz bəndi təşkil edir.
Bir həftə əvvəl həmin sorğu mərkəzi Flavio Bolsonaronun dörd
faiz bəndi fərqlə öndə olduğunu göstərirdi (Lula üçün 48 faiz,
Flavio Bolsonaro üçün isə 52 faiz).
Çərşənbə günü “Quaest” sorğu mərkəzinin keçirdiyi başqa bir
sorğuda da iki namizəd arasındakı fərqin iki faiz bəndi olduğu
qeydə alınmışdı: Flavio Bolsonaro 51 faiz, Lula isə 49 faiz.
45 yaşlı senator ilk turda 47 faiz səs toplayaraq hazırkı
prezidentdən (45 faiz) daha çox səs aldığı üçün seçkilərdə favoriti
hesab olunur. Onun nəticəsi gözlənilməz olub və Lulanı öndə
göstərən rəy sorğularının nəticələri ilə ziddiyyət təşkil edib.
Vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə sol qüvvələr son günlər
sosial şəbəkələrdəki kampaniyalarını intensivləşdirib və
Braziliyanın bir neçə böyük şəhərində kütləvi mitinqlər təşkil
ediblər.

