
Bakı.Trend:
2026-cı ilin aprel ayında Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri
vasitəsilə Türkiyə ərazisindən 16,659 milyon barel neft nəql
edilib.
Trend bu barədə
Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat yayıb.
Müqayisə üçün, 2025-ci ilin aprel ayında bu göstərici 18,511
milyon barel təşkil edib ki, bu da illik ifadədə 10% azalma
deməkdir.
Aşağıda 2026 və 2025-ci illərin yanvar–aprel dövrləri üzrə
Türkiyə ərazisindən BTC ilə həyata keçirilən neft təchizatının
aylıq dinamikası (milyon barel) təqdim olunur:
|
Aylar |
2026 |
2025 |
|
Yanvar |
16,125 |
17,571 |
|
Fevral |
14,817 |
16,047 |
|
Mart |
16,412 |
18,625 |
|
Aprel |
16,659 |
18,511 |
2026-cı ilin yanvar–aprel aylarında BTC boru kəməri vasitəsilə
Türkiyə ərazisindən ümumi nəql həcmi 64,013 milyon barel təşkil
edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 70,754 milyon barel
olub ki, bu da 9,5% azalma deməkdir.
2025-ci ilin yekunlarına əsasən, boru kəməri ilə nəql olunan
həcmlər 206,434 milyon barel təşkil edib. Bu göstərici 2024-cü ildə
224,142 milyon barel idi (7,9% azalma).
Hazırda BTC vasitəsilə əsasən Azərbaycanda yerləşən
“Azəri-Çıraq-Günəşli” blokundan neft və “Şahdəniz” yatağından
kondensat nəql olunur. Bundan əlavə, boru kəməri vasitəsilə Xəzər
regionundan (Qazaxıstan, Türkmənistan daxil olmaqla) neft və SOCAR
tərəfindən Azərbaycanda hasil edilən digər həcmlərin nəqli də davam
edir.
bp-nin son məlumatlarına görə, BTC istismara verildiyi 2006-cı
ilin iyun ayından 2026-cı ilin birinci rübünün sonunadək boru
kəməri ilə ümumilikdə 4,7 milyard bareldən çox neft (təxminən 626
milyon ton) nəql edilib.
BTC Co. şirkətinin səhmdarları bunlardır: bp (30,10%), SOCAR
(32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies
(5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və
INPEX (2,50%).
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Cio Kristofoli bundan əvvəl bildirib ki, boru kəmərinin
operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafikə uyğun
davam edir.
Onun sözlərinə görə, bu proses üzrə müqavilə öhdəliyinin icra
müddəti 1 iyuldur və şirkət bu qrafikə ciddi şəkildə riayət edir:
“Bu, bp-nin aktivdən çıxışı deyil, müqavilə öhdəliklərinin yerinə
yetirilməsidir. SOCAR-ın gələcək operator fəaliyyəti üçün geniş
hazırlıq işləri aparılıb. Şirkət boru kəmərinin uğurla idarə
olunması üçün lazımi təcrübə və imkanlara malikdir.”

