
Bakı. Trend:
Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət
avtomatlaşdırılmış qaydada təyin olunacaq.
Trend-in əldə
etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il
mayın 1-dən etibarən qüvvəyə minəcək.
Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi
müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş
xəstəlik vərəqinə əsasən sığortaedən tərəfindən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron
informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə hamiləliyə
və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra məzuniyyət
dövrünə düşən təqvim günləri üçün avtomatlaşdırılmış qaydada
veriləcək.
Məlumat üçün bildirək ki, hamiləliyə və doğuma görə müavinət
almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil
edilir.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin
hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin
sayına vurulması ilə hesablanır.
Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum
məbləğinin 25 mislindən artıq ola bilməz.

