Bakı. Trend:
Ötən 40 gün ərzində ABŞ və İsrailin İrana qarşı hərbi hava
hücumları fonunda 26 tibb işçisi ölüb, 118 tibb işçisi
yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddətdə 226 səhiyyə mərkəzi,55
təcili yardım mərkəzi, 49 tibb məntəqəsi və 41 təcili yardım
maşınına ziyan dəyib və 8 xəstəxana boşaldılıb.
Qeyd olunur ki, hücumlar nəticəsində bu müddətdə yaşı 18-dən
aşağı olan 220 yeniyetmə, o cümlədənyaşı 5-dən aşağı 18 körpə ölüb,
yaşı 18-dən aşağı 1 997 gənc, o cümlədən yaşı 2-dən aşağı olan 70
körpə yaralanıb.
Həmin müddətdə hərbi hava hücumları nəticəsində 257 qadın ölüb,
4 989 qadın yaralanıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.

