Vens: Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyiş var

Baş səhifə
Vens: Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyiş var

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında ciddi irəliləyişin olduğunu bildirib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Vens Macarıstanda keçirilən tədbirdə çıxış edərkən bildirib.

O qeyd edib ki, danışıqlar prosesi başlayandan bəri Moskva və Kiyevin barışıq şərtləri üzrə mövqeləri əhəmiyyətli dərəcədə yaxınlaşıb.

“Əhəmiyyətli irəliləyişə nail olmuşuq. Əvvəlcə biz Rusiya və Ukraynanı heç olmasa münaqişənin başa çatması üçün nə istədiklərini formalaşdırmağa yola gətirə bilmirdik. İndi isə buna nail olmuşuq. Biz Ukrayna və Rusiyadan yazılı bəyanatlar almışıq, onların mövqelərinin aydınlaşdırılmasına nail olmuşuq və bu mövqelər zamanla daha da yaxınlaşıb”, – o deyib.

Vens qeyd edib ki, xüsusilə ərazi güzəştləri məsələsində tərəflərin nöqteyi-nəzərləri hələ tam üst-üstə düşmür, lakin o, danışıqların davam etdirilməsinə nikbin baxır.

Vitse-prezident həmçinin ABŞ-nin Avropa İttifaqının siyasi rəhbərliyindən məyus olduğunu bildirərək, Brüsselin Şərqi Avropada münaqişənin nizamlanmasında öz marağını nümayiş etdirmədiyini bildirib. Bununla belə, onun sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban, İtaliyanın Baş naziri Corciya Meloni və bəzi digər Avropa liderləri nizamlanmaya pərdə arxasında kömək ediblər.