Qalibafın İran adından danışıqlara getməsi hələ təsdiqlənməyib – "Tasnim"

Baş səhifə

İranı ABŞ-la qarşıdan gələn danışıqlarda parlamentin sədri Məhəmməd Qalibafın təmsil edəcəyi barədə xəbərlər hələ təsdiqlənməyib.

Modern.az xəbər verir ki, bu barədə İranın yarımrəsmi “Tasnim” Agentliyi məlumat yayıb.

“İranın danışıqlar heyətinin rəhbəri hələ müəyyənləşdirilməyib”,- deyə bir mənbə “Tasnim”ə bildirib.

Məlumatlı mənbə deyib ki, İranın danışıqlar heyətinin rəhbərinin artıq müəyyən edildiyini iddia edən bir sıra media xəbərlərinə baxmayaraq, bu məsələ hələ həll olunmayıb.

Mənbə qeyd edib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi, hakimiyyətin üç qolu və digər aidiyyəti rəsmilər danışıqlar üçün lazım olan bütün şərtləri və aspektləri diqqətlə araşdırır və yaxın zamanda rəsmi açıqlamalar veriləcək.

Məlumatlı mənbə həmçinin vəziyyətin həssaslığını nəzərə alaraq, media qurumlarına əsassız fərziyyələrdən və dəqiqliyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyi tövsiyə edib.

Bu açıqlama bir İran xəbər agentliyinin aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan Tehran-Vaşinqton danışıqlarında İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibafın rəhbər olacağını iddia etməsindən sonra verilib.

Həmin təsdiqlənməmiş məlumata görə, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edə bilər.

ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıblar.

Aprelin 8-nə keçən gecə Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub və bu müddət ərzində İslamabadda danışıqlar aparılacaq. İran müzakirələrin əsası kimi 10 maddəlik plan təklif edib; bu plana ABŞ qüvvələrinin regiondan çıxarılması, sanksiyaların ləğvi və Hörmüz boğazına nəzarətin təmin olunması kimi tələblər daxildir.

ABŞ prezidenti Donald Tram isə danışıqların Vaşinqtonun 15 maddəlik təklifi əsasında aparılacağını bəyan edib.