
Bakı. Trend:
7 aprel tarixində Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq
və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati
binasında Azərbaycan Republikasının Sədrliyi ilə AQEM Yüksək
Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, komitənin iclasında Azərbaycan Respublikasının
“Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı
inkişaf” mövzusunda AQEM-ə Sədrliyi çərçivəsində aktiv fəaliyyəti,
müxtəlif əməkdaşlıq istiqamətləri üzrə atılan addımlar nəzərdən
keçirilib, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas
istiqamətləri müzakirə olunub.
Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası
gündəliyində gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə
layihəsi üzrə aparılan danışıqların gedişatı barədə məlumat təqdim
edilib.
Tədbirdə AQEM-in hərbi-siyasi ölçüsü üzrə etimad tədbirlərinin
icrası istiqamətində illik qiymətləndirmə aparılıb. Üzv dövlətlər
tərəfindən hərbi-siyasi sahədə əməkdaşlığın inkişafı və bu
istiqamətdə AQEM-in çoxtərəfli hərbi təhlükəsizlik platforması kimi
rolu nəzərdən keçirilib.
İclasda AQEM-in Beyin Mərkəzləri Forumu üzrə Fəaliyyət Planı
layihəsi müzakirə edilib və AQEM-in müxtəlif ölçüləri üzrə etimad
qurucu tədbirlərinin icrasına dair konsepsiya sənədləri nəzərdən
keçirilib, “Kiçik və Orta biznesin inkişafına dair” konsepsiya
sənədi qəbul edilib.
Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


