
Azərbaycan Prezidentinin səfəri zamanı Orta Dəhliz əsas və prioritet mövzulardan biri olacaq.
APA-nın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Ticarət və Sənaye Palatasının Baş direktoru David Apstsiauri bildirib.
David Apstsiauri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin ənənəvi xarakterini bir daha vurğulayır, qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır: “Bu gün ikitərəfli əməkdaşlığın perspektivləri ilə yanaşı, regiondakı vəziyyət, qlobal risklər kimi məsələlərin müzakirəsi olduqca aktualdır və hətta təxirəsalınmaz xarakter daşıyır. Eyni zamanda Azərbaycan və Gürcüstanın öz ikitərəfli əməkdaşlığı əsasında bu risklərin azaldılmasına necə töhfə verə biləcəyi məsələsi də vacibdir. Bu, həm milli inkişaf, həm də regional və qlobal sabitlik baxımından böyük əhəmiyyət kəsb edir”.
Gürcüstan Ticarət və Sənaye Palatasının Baş direktoru deyib ki, bu gün Azərbaycan və Gürcüstan yalnız iqtisadi sahə başda olmaqla bütün istiqamətlərdə uğurlu ikitərəfli əməkdaşlıq nümunəsi deyil, eyni zamanda iki ölkənin geosiyasi çəkisi və qarşılıqlı fəaliyyət formatı artıq yeni ölçülər qazanıb: “Bu, geosiyasət və geoiqtisadiyyat miqyasında özünü göstərir və xüsusilə qlobal layihələrdə iştirakla bağlıdır. Tam əminəm ki, Orta Dəhlizin inkişafı və bu layihədə iştirak məsələsi əsas və prioritet mövzulardan biri olacaq. Artıq elə bir mərhələyə gəlinib ki, bu layihənin praktiki həyata keçirilməsi ilə bağlı konkret məsələlərin müzakirəsinə ehtiyac var və bu, şübhəsiz ki, gündəmdə olacaq. Beləliklə, bu səfər ənənəvi olaraq iki dost və qonşu dövlət arasında qardaşlıq səfəri olsa da, onun əhəmiyyəti yalnız ikitərəfli dialoq çərçivəsindən kənara çıxır”.
David Apstsiauri bu gün Cənubi Qafqazın əhəmiyyətinin qlobal miqyasda tamamilə yeni səviyyəyə yüksəldiyini vurğulayıb: “Azərbaycan və Ermənistanla başlanan sülh prosesi və əldə edilən razılaşmalar regionda ümumi sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Bu isə yeni nəqliyyat dəhlizlərinin inkişafı, ticarətin genişlənməsi, investisiyaların artması və digər istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açır. Bu səbəbdən sözügedən prosesi alqışlamaq lazımdır. Daha sabit region daha güclü region deməkdir və keçmiş münaqişələr tədricən tarixə qovuşmalıdır. Yaxın keçmişdə yaşanan faciələr də tarixdə qalmalıdır. Bu gün artıq qarşıdurma deyil, əməkdaşlıq zamanıdır. Hərçənd, təəssüf ki, dünyanın müxtəlif bölgələrində hələ də çoxsaylı münaqişələr mövcuddur. Bu kontekstdə Azərbaycan və Gürcüstanın rolu xüsusi qeyd olunmalıdır. Hər iki ölkə göstərir ki, xarici təsirlərə və ciddi təhdidlərə baxmayaraq, dövlətlər öz münasibətlərini müsbət istiqamətdə inkişaf etdirə və iqtisadiyyatlarını gücləndirə bilərlər. Həqiqətən də, bu gün hər iki dövlət dinamik inkişaf edir, iqtisadi potensial artır, sabit əlaqələr qorunur və onlar sanki sabitlik və sakitliyi təcəssüm etdirən “adalar” kimi çıxış edirlər. Bu isə olduqca vacibdir. Bu nümunə digər ölkələr üçün də maraqlı və əhəmiyyətli olacaq. Xüsusilə də bu gün, bütün dünyanın qeyri-müəyyənlik şəraitində olduğu, mürəkkəb və ziddiyyətli proseslərin sürətlə baş verdiyi bir dövrdə. Buna görə də bir daha qeyd etmək istərdim ki, regionun çox yaxşı perspektivləri var və gələcəkdə onun əhəmiyyəti daha da artacaq”.


