İranın enerji sektoruna dəyən ziyan açıqlanıb

Baş səhifə

Bakı. Trend:

28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi hava
hücumları fonunda İranın enerji sektoruna 250 trilyon rialdan çox
(təxminən 191 milyon dollar) dəyərdə ziyan dəyib.

Trend-in
məlumatına görə, bunu İranın energetika nazirinin müavini və
TAVANIR Şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli
mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və İsrailin İranın elektrik sektorunda
hərbi hava hücumlarında 1,9 min hadisə qeydə alınıb. Bu hadisələrin
ciddi nəticələri elektrik sektoru əməkdaşları tərəfindən aradan
qaldırılıb.




Rəcəbi Məşhədi bildirib ki, əsasən Tehran vilayətinə dəyən
ziyanlar maksimum şəkildə 1 saat ərzində elektrik verilişində
məhdudiyyətin yaranması ilə nəticələnib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.