Abdulla Aripov: BTQ yeni logistika imkanları yaradır

Baş səhifə
Abdulla Aripov: BTQ yeni logistika imkanları yaradır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti regionda logistik əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.

“Report” xəbər verir ki, bunu Özbəkistan Baş naziri Abdulla Aripov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü və təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm təşəbbüsləri qeyd edib.

“Nəqliyyat bağlantısının gücləndirilməsi əsas istiqamətlərdən biri olaraq qalır. Ötən ilin noyabrında Daşkənddə keçirilən Beynəlxalq Multimodal Nəqliyyat Forumu nəqliyyat və logistika dəhlizlərinin inkişafına və regional bağlantının gücləndirilməsinə yönəlmiş praktik həllərin işlənib hazırlanması üçün mühüm platforma oldu”, – o qeyd edib.

Aripovun sözlərinə görə, Özbəkistan belə forumların üzv ölkələrdə müntəzəm olaraq keçirilməsini məqsədəuyğun hesab edir.

“Orta Dəhlizin inkişafı, eləcə də Çin-Qırğızıstan-Özbəkistan və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi də eyni dərəcədə vacibdir, onlar yeni logistik imkanlar yaradır”, – o əlavə edib.