
Bakı.Trend:
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə gedən yolun
başlanğıcı kimi dəyərləndirilən Aprel döyüşlərindən 10 il keçir.
2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan silahlı
qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrində, döyüş
bölgəsində yerləşmək məqsədilə təxribatlar törətdilər. Bu məqsədlə
Ermənistan silahlı qüvvələrinin birləşmələri mövqelərimizi, keçmiş
təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşə
tutdular. Təxribatın qarşısını alan Silahlı Qüvvələrimiz düşmənə
ağır zərbələr endirdilər. Azərbaycan Ordusunun parlaq tarixi
qələbələrindən olan Aprel döyüşləri tariximizə şanlı Zəfər
salnaməsi kimi yazıldı. Əks-hücum əməliyyatı ilə düşmən ağır
məğlubiyyətə uğradılaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının
işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad
edildi, xalqımız qələbə sevinci yaşadı.
Bu qələbə bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini, hansı
imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Ermənilərin
illərdir yaratdıqları “güclü Ermənistan ordusu” mifi darmadağın
edildi. Dünya bir daha bu reallığa şahid oldu ki, Azərbaycan işğal
olunmuş ərazilərini hərbi yolla azad etmək qüdrətindədir. Halbuki
işğalçı Ermənistanın rəhbərliyi daim belə sərsəm fikirlər
səsləndirirdi ki, əgər hərb yolu seçilərsə, məğlubiyyətə uğrayan
Azərbaycan Ordusu olacaq. Tarixi Zəfərimizə qədər Silahlı
Qüvvələrimiz dəfələrlə gücünü, qüdrətini nümayiş etdirib.
Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Aprel
döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən
yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni
icra edə bilər.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Aprel döyüşləri
Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən
müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir: “10 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar
Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini
daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün
böyük döyüş təcrübəsi oldu. Aprel döyüşləri, həmçinin Böyük Qayıdış
prosesinin başlanğıcı oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi
nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki
əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.
Düşməndən azad olunan bu kənddə quruculuq, abadlıq işlərinə
başlanıldı. 23 il doğma yurd həsrətində olan sakinlərin evlərinə
qayıtması güclü, qüdrətli Azərbaycanın Ordusunun işğal altında
qalan digər torpaqlarımızı da azad edəcəyinə ümidləri artırdı”.
Vüqar Rəhimzadə diqqəti 30 ilik işğal dövrünün reallıqlarına
yönəldərək vurğulayıb ki, Azərbaycan hər zaman məsələnin sülh
danışıqları əsasında nizamlanmasına səy göstərdi: “Bununla bərabər
ən yüksək tribunalardan bu çağırışı da etdi ki, sülh danışıqları
səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi şəksizdir. Bu
inam və əminlik Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi.
Dövlətimizin siyasətində ordu quruculucu prioritet məsələ kimi öndə
dayanır. Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarını
cəsrətlə aparmal üçün güclü ordun olmalıdır” çağırışı bütün
dövrlərdə öz aktuallığını qoruyur. Ulu Öndər hələ hakimiyyətinin
birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atıdığı
addımlar sırasında hərbi kadrların yetişdirilməsinə xüsusi diqqət
göstərmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması
bunun bariz nümunəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra Ulu Öndərin bu istiqamətdə atdığı
addımlar davamlılığı ilə diqqətdə oldu. Belə ki, Ümummilli Lider
Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmizin iqtisadi
imkanlarının artması ordunun maddi-texniki bazasının
möhkəmləndirilməsində özünün aydın ifadəsini tapdı. Son 22 ildən
artıq dövrdə Prezident İlham Əliyevin ordumuzun gücünün, qüdrətinin
artırılması istiqamətində həyata keçiridyi tədbirlər Azərbaycan
Silahlı Qüvvələrini dünyanın güclü orduları sırasına yüksəltdi.
Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın
ən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərə imza atıb 30 ilin torpaq həsrətinə son
qoyulsa da yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən
hədəflərdə ordumuzun daha da gücləndirilməsinə çağırış diqqətdən
kənarda qala bilməz. Hətta nəzər salsaq görərik ki, son illərdə
dövlət bücdəsindən ayırmalarda hərbi xərclər azad edilmiş
ərazilərimizin bərpasına yönəldilən xərclərdən artıqdır”.
Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, 2016-cı
ilin uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il
sonra daha bir böyük zəfərə imza atdı: “2018-ci ilin mayında
Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf
ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və
zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək
əzmindədirlər. Məhz Aprel döyüşlərində qazanılan təcrübəni Vətən
müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu
düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə
işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il
sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu
lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm
ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü
ilin noyabrında Zəfər Günündə Xankəndidə keçirilən Zəfər paradı
Azərbaycanın gücünün və ordumuzun qüdrətinin daha bir parlaq
nümayişi kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev
suverenliyimizin bərpasından sonra yeni dövrə qədəm qoyan
Azərbaycanın həyatında mühüm hadisə olan 2024-cü ilin 7 fevral
tarixində keçirilən Prezident seçkilərində qələbə qazandıqdan sonra
andiçmə mərasimində ordumuzun bu günü və gələcəyi ilə bağlı mühüm
çağırışlar səsləndirmişdir. “Bu gün Azərbaycan Ordusu 2020-ci
ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən
antiterror əməliyyatı bunun bariz nümunəsidir” söyləyən Prezident
İlham Əliyev bildirmişdir ki, bu gün Silahlı Qüvvələrimizin gələcək
inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat,
texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi
Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış
“Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür
və bu proses davam edir: “Biz elə Ordu yaratmışıq ki, – bundan
sonra da bu işlər davam edəcək, – heç kim bizə sataşa bilməz və
gələcəkdə də belə bir fikirdə ola bilməz… Beləliklə, ordu
quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu
gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə
bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır””.
Vüqar Rəhimzadə vurğulayıb ki, 10 il əvvəl Lələtəpədə ucaldılan
üçrəngli Bayrağımız bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir
guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda,
Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda,
Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa
etməklə yeni dövrə qədəm qoydu. Yeni dövrün əsas hədəflərindən biri
təbii ki, bərpa-quruculuq işlərinin miqyasını daha da
genişləndirmək, soydaşlarımızın qayıdış ünvanlarının sayını
artırmaqdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, artıq 9
şəhər- Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı,
Xankəndi və Xocavənd sakinlərinə qovuşub. Azad Qarabağ və Şərqi
Zəngəzur cənnət məkana çevrilir.


