Hollandiyada bir həftədə bir neçə bankomat partladılıb

Baş səhifə

Bakı. Trend:

Hollandiyada bir həftə ərzində bir sıra bankomat partlayışları
baş verib, hadisələrdən birində yeniyetmə qız yaralanıb.

Trend-in “ANP”
agentliyinə istinadən verdiyi məlumata görə, polis hücumlar
arasında əlaqənin mümkünlüyünü istisna etmir.

İlk partlayışlardan biri Lopik şəhərində (Utrext əyaləti) qeydə
alınıb. Nəticədə bankomatın yerləşdiyi binaya ciddi ziyan dəyib,
ikinci mərtəbədəki mənzilin sakinləri təxliyə edilib. Nağd pulun
oğurlanması ilə bağlı məlumatlar dəqiqləşdirilir.




Amsterdamın Nyu-Vest məhəlləsində baş verən digər partlayış
zamanı bankomat tamamilə dağılıb, partlayış dalğası binanın
pəncərələrini sındırıb. Hadisə nəticəsində yeniyetmə qız qəlpə
yaraları alaraq xəstəxanaya yerləşdirilib. Vəsaitlərin oğurlanması
ilə bağlı məlumat verilməyib.

Bundan əlavə, Amsterdamın Badxuverdorp və Landsmeer şəhərətrafı
ərazilərində bir-birindən təxminən 30 dəqiqə fərqlə daha iki
bankomat partladılıb.