
Bakı. Trend:
“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in
başçılığı ilə beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər
çərçivəsində Şuşa şəhəri ilə tanış olublar.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, 37 ölkədən 79 nəfər səyyahdan ibarət
heyət əvvəlcə şəhərin mərkəzi meydanına baş çəkib. Burada onlar
Azərbaycanın görkəmli şəxsiyyətləri – Xurşidbanu Natəvan, Bülbül və
Üzeyir Hacıbəyli-nin güllələnmiş heykəlləri ilə tanış olublar.
Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründə üzləşdiyi
dağıntılar və hazırda həyata keçirilən bərpa-quruculuq işləri
barədə ətraflı məlumat verilib. Bildirilib ki, otuz illik işğal
müddətində şəhərdəki tarixi binalar, məscidlər və mədəni abidələr
vandalizmə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra isə
burada genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb,
infrastruktur qurulub və şəhərin tarixi simasının bərpası
istiqamətində mühüm addımlar atılıb.
Səfər çərçivəsində dünya səyyahları Xurşidbanu Natəvanın evi,
Xan qızı bulağı, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə də
tanış olublar.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black
tourism” çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı
bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim
olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020–2025-ci illər
ərzində Qarabağ və Şərqi Zəngəzura dünyanın aparıcı səyyah klubları
vasitəsilə 15 beynəlxalq səfər təşkil edilib. Bu səfər isə sayca
16-cıdır.


