
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb
relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə
qalması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu
barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin
xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il
təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə
yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz
vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində
ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı
təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


