Yanvar-fevral aylarında BTC boru kəməri ilə neftin ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru
kəməri ilə nəql olunan tranzit neftinin həcmi 4,055 milyon ton
təşkil edib.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə
müqayisədə 375 min ton və ya 8,5% azdır. Həmin dövrdə BTC ilə 4,430
milyon ton neft nəql olunmuşdu.




Qeyd edilən dövrdə BTC boru kəməri ilə nəql olunan neftin
83,1%-ni (3,369 milyon ton) Azərbaycanda hasil edilmiş neft,
16,9%-ni (686,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil
olan neft təşkil edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu
1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km
Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru
kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il
mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş
BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30.10%),
SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%),
TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%),
ExxonMobil (2.50%) və INPEX (2.50%).