Orta Dəhliz və TRIPP marşrutları Avrasiya ticarətində yeni geosiyasi rəqabət yaradır – “Special Eurasia”

Baş səhifə

Bakı. Trend:

Avrasiya məkanında dəniz geosiyasi riskləri 2026-cı ildə də
yüksək səviyyədə qalacaq və regionda ticarət marşrutları uğrunda
rəqabət daha da kəskinləşəcək. Eyni zamanda Orta Dəhliz və TRIPP
marşrutunun formalaşması regionda yeni geosiyasi balans
yaradır.

Trend xəbər
verir ki, bu barədə geosiyasi kəşfiyyat və risklərin
qiymətləndirilməsi üzrə ixtisaslaşmış konsaltinq və media agentliyi “Special Eurasia” tərəfindən dərc olunan “Avrasiya üzrə Dəniz
Geosiyasi Riskləri 2026” adlı məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, 2026-cı ilə qədər Xəzər dənizi
regionunda mühüm geosiyasi dönüş baş verib və sovet dövründən qalan
ənənəvi iqtisadi asılılıqların zəifləməsi nəticəsində qitələrarası
ticarət marşrutları uğrunda çoxqütblü rəqabət formalaşıb.

Analitiklər bildirirlər ki, bu prosesdə Azərbaycan logistika
mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib.

“Azərbaycan inteqrasiya olunmuş istehsal və tranzit
infrastrukturu hesabına regionda mühüm logistika qovşağına çevrilib
və Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas
nəqliyyat arteriyasına çevrilir”, – məlumatda vurğulanıb.

Məqalədə xüsusilə qeyd olunur ki, Qərb ölkələri sanksiyalar
səbəbindən Rusiya üzərindən keçən marşrutlara alternativ
axtardığından Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb.

“Sanksiyalara məruz qalan Rusiya marşrutlarından asılılığı
azaltmaq istəyən Qərb kapitalının böyük hissəsi Orta Dəhliz
layihəsinə yönəlir”, – deyə məqalədə qeyd edilib.




Eyni zamanda bildirilir ki, regionun geosiyasi dinamikasında
mühüm elementlərdən biri də ABŞ-nin təşəbbüsü ilə formalaşdırılan
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur (TRIPP).

“TRIPP ABŞ-nin rəhbərlik etdiyi təşəbbüs kimi təqdim olunur və
ödənişli tranzit zonasını əhatə edir. Bu layihə Vaşinqtona marşrut
üzərində 74 faiz pay verir və regionda Rusiya–İran təsirinə birbaşa
geosiyasi çağırış kimi qiymətləndirilir”, – Avrasiya üzrə Dəniz
Geosiyasi Riskləri 2026” adlı məqalədə qeyd olunub.

Xəzərdə ekoloji böhran dəniz nəqliyyatına risk
yaradır

Məqalədə Xəzər dənizində ekoloji vəziyyətin də geosiyasi və
iqtisadi riskləri artırdığı vurğulanır. Əlavə edilib ki, Xəzər
dənizinin səviyyəsi hazırda ildə təxminən 20 santimetr azalır və
2026-cı ildə rekord minimum həddə enib.

“Su səviyyəsinin azalması bərə və tanker daşımalarının
imkanlarını ciddi şəkildə məhdudlaşdırır və Kurık və Ənzəli kimi
əsas limanlarda daimi və baha başa gələn dibdərinləşdirmə işləri
tələb edir”, – bildirilir.

Məqaləyə əsasən, qlobal iqtisadi sabitlik də getdikcə daha çox
Orta Dəhliz və TRIPP kimi alternativ marşrutların sürətli
inkişafından asılı olacaq.