
Bakı. Trend:
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı,
Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Memarlıq
və İnşaat Universitetinin tərəfdaşlığı ilə “Gənc memarlar üçün
karyera imkanları” forumu keçirilib.
200-dən çox gəncin iştirak etdiyi Forumun əsas məqsədi memarlıq
sahəsində təhsil alan və bu istiqamətdə karyera qurmaq istəyən
gənclərin peşəkar inkişafına dəstək olmaq, onları əmək bazarındakı
mövcud imkanlar və çağırışlar barədə məlumatlandırmaq olub.
Tədbirin açılış hissəsində çıxış edən Azərbaycan Memarlıq və
İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Orxan Naqdiyev, Azərbaycan Respublikasının Gənclər
Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov,
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev,
eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin
müdir müavini Şahnaz Bədəlova gənclərin memarlıq sahəsində
inkişafının əhəmiyyətindən, bu istiqamətdə mövcud imkanlardan və
dövlət tərəfindən həyata keçirilən təşəbbüslərdən bəhs ediblər.
Qeyd olunub ki, ölkədə memarlıq və şəhərsalma sahəsinin inkişafı
daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda
“Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə göstərilən
xüsusi diqqətin göstəricisidir. Həmçinin Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının Bakı şəhərində baş tutması memarlıq və
şəhərsalma sahəsinin inkişafına mühüm töhfə verəcək.
Forum çərçivəsində “Əmək bazarı və gənc memarlar: imkanlar və
çağırışlar” mövzusunda panel müzakirəsi təşkil olunub. Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş
şöbəsinin müdiri Aqil Quliyevin moderatorluğu ilə keçirilən panel
müzakirəsində Azərbaycan Memarlar İttifaqının katibi Şeyda
Novruzzadə, “MANARCH” memarlıq şirkətinin təsisçisi İlqar Manafsoy
və “PMD Projects” şirkətinin şöbə müdiri, memar Kamran Kərimov
spiker qismində çıxış ediblər.
Panel müzakirəsi zamanı spikerlər memarlıq sahəsində gənclər
üçün mövcud karyera imkanları, əmək bazarının tələbləri, praktiki
təcrübənin əhəmiyyəti və peşəkar inkişaf yolları barədə öz
təcrübələrini bölüşüblər. Həmçinin gənclərin sualları
cavablandırılıb, memarlıq sahəsində uğurlu karyera qurmaq üçün
vacib bacarıqlar və inkişaf istiqamətləri barədə fikir mübadiləsi
aparılıb.


