
Bakı.Trend:
Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə
törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı
şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi
kvadrisikl daş hasara çırpılıb.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Bildirilib ki,sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində
həyatını itirib.
“Son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə
edilən kvadrisikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına
əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat
vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə
olunması həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən də
ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.
Nəzərə alınmalıdır ki, kvadrisikl konstruktiv xüsusiyyətlərinə
görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun
məsuliyyətsiz şəkildə idarə olunması sürücü üçün yüksək risk
yaradır. Eyni zamanda xatırladılır ki, kvadrisikllərin ümumi
istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük
hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki,
adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan
bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik
qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin
nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin
qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”, –
BDYPİ-dən bildirilib.


