Orta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edir – Binəli Yıldırım

Baş səhifə

Bakı. Trend:

Orta Dəhliz Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı
nəqliyyat marşrutunu təmin edir.

Trend xəbər verir
ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar
Şurasının sədri Binali Yıldırım bu gün XIII Qlobal Bakı Forumu
çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiyanın nəqliyyat
qapıları” adlı panel iclasında bildirib.

“Orta Dəhliz getdikcə daha da təkmilləşir. Məsələn, Süveyş
kanalı, həmçinin Yəmən ətrafından keçən marşrutlar var ki, onlar
istənilən an problemli ola bilər. Hörmüz boğazı isə bu yaxınlarda
bağlanıb və enerji resurslarının və digər yüklərin daşınması üçün
istifadə olunmur. Belə gözlənilməz vəziyyətlərdə bu dəhliz Asiya
ilə Avropa arasında təhlükəsiz və etibarlı nəqliyyat yolunu təmin
edir”,- o bildirib.




B. Yıldırım vurğulayıb ki, regiona bütün dünyaya olduğu kimi,
rifah və sülh lazımdır.

“Bu səbəbdən Orta Dəhliz sadəcə nəqliyyat layihəsi deyil; o,
regional sabitliyi də təmin edir. Türkiyə Türk Dövlətləri
Təşkilatının üzvü kimi bu baxışı dəstəkləməyə və region boyunca
əlaqəliliyin gücləndirilməsinə töhfə verməyə davam edəcək. Çünki
XXI əsrdə dövlətlərin gücünü təkcə malik olduqları resurslar deyil,
həm də qurduqları əlaqələr müəyyənləşdirir”,- deyə o qeyd edib.

B.Yıldırımın sözlərinə görə, təhlükəsizlik və ticarət
qaydalarına riayət olunması yalnız ayrı-ayrı ölkələrin məsuliyyəti
deyil, bütün qlobal iqtisadiyyatın ortaq öhdəliyidir. Orta Dəhlizin
gücləndirilməsi bu ümumi məsuliyyətin yerinə yetirilməsinin mühüm
elementidir.