
Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “dövlət əyar nəzarəti, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlamalar aparmaq” Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin vəzifələrinə aid edilib.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Fərmanın icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Fərmanı ilə ləğv edilmiş Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının balansa götürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Ölkədə dövlət əyar nəzarətinin qurulması məqsədilə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu təhlil olunub, qiymətli metallar və qiymətli daşlara dair əyar nəzarəti barədə normativ sənədlər hazırlanıb. Dövlət əyar nəzarətini mövcud qanunvericilik çərçivəsində təşkil etmək məqsədilə Agentlik tərəfindən müvafiq İşçi qrup yaradılıb, dövlət əyar nəzarətinin Agentliyin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üzərindən təşkil olunması üçün Cəmiyyətin strukturunda dəyişikliklər edilib, onların zəruri avadanlıqlarla təchiz edilməsi üçün işlər görülüb. Bununla yanaşı, əyarlama və damğalama prosedurları müəyyən edilib, fəaliyyət növü üzrə ixtisaslaşmış kadrlar işə cəlb olunmuş və digər zəruri tədbirlər görülüb.


