
Bakı. Trend:
Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı yaşayış binalarının
sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə hər il dövlət büdcəsindən müvafiq məbləğdə vəsait
ayrılır.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, yerli icra hakimiyyəti orqanlarının müraciətləri
və Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə Hallar
Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahıları
tərtib edilib.
Yaradılmış işçi qrupu tərəfindən aparılan araşdırmalara əsasən,
Bakı şəhərində 228 ünvanda
7 170 mənzil, Sumqayıt şəhərində
21 ünvanda 464 mənzil və
Gəncə şəhərində 11 ünvanda
708 mənzil olmaqla ümumilikdə 260
ünvan üzrə qəzalı binalarda 8 342 mənzil aşkar
edilib.
Həmin binaların 159-dan dövlət vəsaiti,
84-dən investor vəsaiti, 17-sinin
isə həm dövlət, həm də investor vəsaiti hesabına sakinlərin
köçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun mümkün olduğu
ərazilərdə yeni binaların tikintisi nəzərdə tutulur.
Bakı, Sumqayıt və
Gəncə şəhərlərində qəzalı binalarda yerləşən
8 342 mənzildən məskunlaşmış ailədən
655-i dövlət vəsaiti hesabına,
493-ü isə özəl investor hesabına olmaqla,
ümumilikdə 1 148 ailə köçürülüb.
Eyni zamanda, Sabunçu rayonunda
46 qəzalı yaşayış binasından (782
mənzil) 27 bina (505 mənzil) üzrə
məskunlaşmış ailələrin yeni mənzillərlə dövlət vəsaiti hesabına,
19 bina (277 mənzil) üzrə
məskunlaşmış ailələrin isə yeni mənzillərlə investor vəsaiti
hesabına təmin edilməsi nəzərdə tutulur.
Hazırda 782 mənzildə məskunlaşmış ailələrdən
123 mənzildə məskunlaşmış ailələrin dövlət vəsaiti
hesabına köçürülməsi başa çatdırılıb.


