
Bu il yanvarın 1-nə qədər Azərbaycanda 527 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilib.
“Report” bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 9,2 milyard manatdan çox investisiyanın yatırılması və 46,2 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Təqdim olunmuş investisiya təşviqi sənədlərinin 63,8 %-i sənaye, 32,9 %-i kənd təsərrüfatı, 1,7 %-i logistika, 1,6 %-i isə turizm sahələrini əhatə edir.
Həmin layihələrin 86,9 %-i regionların, 13,1 %-i isə Bakı şəhəri və ətraf qəsəbələrin payına düşür.
Hesabat dövründə investisiya təşviqi sənədi almış hüquqi və fiziki şəxslərə texnika və texnoloji avadanlıqların idxalı üçün 1 milyard 383,8 milyon ABŞ dolları dəyərində 6 455 təsdiqedici sənəd verilib. Bunun nəticəsində sahibkarlar idxalda tətbiq olunan vergi və rüsumlardan 336,2 milyon ABŞ dolları məbləğində güzəşt əldə edib.
Eyni zamanda ötən il 29 sahibkarlıq subyektinə 29 investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində yerli istehsala 1 milyard 921,3 milyon manat investisiyanın yatırılması və 2,5 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, investisiya təşviqi sənədi almış sahibkarlara texnika və avadanlıqların idxalı üçün 110,8 milyon ABŞ dolları dəyərində 316 təsdiqedici sənəd verilib və idxalda tətbiq olunan vergi və rüsumlardan təxminən 25,6 milyon ABŞ dolları məbləğində güzəşt əldə olunub.


