Bakı. Trend:
Bolqarıstan Qara dəniz sahillərinin müdafiəsini gücləndirmək
məqsədilə ABŞ istehsalı olan sahil müdafiə raket sistemləri almağa
hazırlaşır.
Trend xəbər verir ki,
sövdələşmənin ümumi dəyəri təxminən 620 milyon dollar təşkil
edir.
Məlumata görə, söhbət “Naval Strike Missile” sahil müdafiə
sistemindən gedir. Bu yüksəkdəqiqlikli raketlər dənizdəki müxtəlif
hədəfləri – kiçik gəmilərdən tutmuş iri hərbi freqat və esmineslərə
qədər – uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulub.
Silah paketinə raketlər, mobil buraxılış qurğuları, idarəetmə və
rabitə sistemləri, təlim avadanlığı, ehtiyat hissələri və texniki
xidmət də daxildir. Yeni kompleksin Bolqarıstanın Qara dəniz
sahillərinin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı
bildirilir. Bu addım NATO-nun şərq cinahının gücləndirilməsi
siyasəti çərçivəsində atılır. Qara dəniz regionunda təhlükəsizlik
mühitinin dəyişməsi fonunda alyans üzvü olan ölkələr müdafiə
imkanlarını artırmağa çalışırlar.
Qeyd olunur ki, yeni raket sistemi Bolqarıstanın sovet dövründən
qalan köhnə sahil müdafiə komplekslərini mərhələli şəkildə əvəz
etməli və ölkənin dəniz təhlükəsizliyini gücləndirməlidir.

