
Bakı. Trend:
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə
rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.
Trend xəbər verir ki, söhbət
zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif
sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə
təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla
aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu
və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı.
Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, 10 Avropa ölkəsinə qaz
ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi.
Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə
müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm
rol oynadığı bildirildi. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP
layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan
dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa
İttifaqının iştirakına toxunuldu.
Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri
əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri
ətrafında müzakirələr aparıldı.
Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş
nailiyyətlər xüsusi qeyd edildi, Avropa İttifaqının da sülh
gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır
olduğu bildirildi.
Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında
rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin
yaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikir
mübadiləsi aparıldı.
Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbul
edildi.


