Azərbaycan və ABŞ əməkdaşlığı şaxələndirilmiş maliyyələşdirməni təşviq etməyi hədəfləyir – Bakı Fond Birjası

Baş səhifə

Vaşinqton. Trend:

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq
şaxələndirilmiş maliyyələşdirmənin təşviqinə yönəlib.

Trend-in xüsusi
müxbirinin məlumatına görə, bunu Bakı Fond Birjasının İdarə
Heyətinin sədri Ruslan Xəlilov Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət
Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və
biznes konfransında çıxışı zamanı bildirib.

Ruslan Xəlilov Bakı Fond Birjasının Azərbaycanda iri
infrastruktur layihələrinin maliyyələşdirilməsindəki rolunu
vurğulayaraq qeyd edib ki, hazırda bu layihələrin bir çoxu
beynəlxalq maliyyə institutlarının və ya yerli və xarici bankların
sindikatlarının maliyyəsinə əsaslanır.

“Məqsədimiz maliyyə aktivlərinin idarə olunmasından məsul olan
maliyyə institutları, şirkətlər və təşkilatları əhatə edən
ekosistemləri inteqrasiya etməklə kapital bazarları vasitəsilə
iştirak səviyyəsini artırmaqdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, kapital bazarlarının birləşdirilməsi təkcə
səhm kapitallaşması üçün deyil, həm də səmərəliliyin və
əlçatanlığın artırılması məqsədilə bazarlar arasında sistemlərin
inteqrasiyası baxımından vacibdir.




“Daxili və beynəlxalq bazarları birləşdirərək və paylanmış
maliyyə sistemlərindən istifadə etməklə maliyyələşdirmə axtaran
şirkətləri daha yaxşı dəstəkləyə və investorlar üçün praktik həllər
təqdim edə bilərik”, – deyə Ruslan Xəlilov qeyd edib.

O, həmçinin Qazaxıstan və Özbəkistan kimi Asiya bazarlarının
təcrübəsinə toxunaraq bildirib ki, bu ölkələrdə ekosistem
inteqrasiyası və yüksək tezlikli ticarət sistemləri də daxil
olmaqla texnoloji həllərin erkən tətbiqi kapital bazarlarının
effektiv şəkildə əlaqələndirilməsinə kömək edib. Onun sözlərinə
görə, oxşar yanaşmalar ABŞ ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda
da tətbiq oluna bilər.

“Ticarət sistemlərinə investisiya qoymaq ilk addımdır. Bazarı
inkişaf etdirməli, iştirakçıları cəlb etməli və texnoloji
infrastrukturu təmin etməliyik. Bu həm çətinlik, həm də
maliyyələşdirmə mənbələrini şaxələndirmək və kapital bazarlarında
likvidliyi artırmaq üçün bir fürsətdir”, – deyə o vurğulayıb.

Ruslan Xəlilov əlavə edib ki, Azərbaycan ilə ABŞ arasında
qarşıdan gələn strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq
şaxələndirilmiş maliyyələşdirmənin təşviqi, bazarlar arasında
əlaqələrin gücləndirilməsi və regionda davamlı iqtisadi artımın
dəstəklənməsi üçün qabaqcıl texnoloji həllərin inteqrasiyasını
hədəfləyir.