Gündəlik multivitamin qəbulu bioloji qocalmanı ləngidir – Araşdırma

Baş səhifə

Bakı. Trend:

Aparılan yeni araşdırmalar göstərir ki, iki il ərzində hər gün
multivitamin qəbul etmək bioloji qocalmanın bəzi göstəricilərini
ləngidir.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatlara görə, ABŞ-də aparılan araşdırmada orta yaşı təxminən
70 olan 958 sağlam iştirakçı iştirak edib. Onlar dörd qrupa bölünüb
və iki il ərzində ya multivitamin, ya kakao ekstraktı, ya da
plasebo qəbul ediblər. Tədqiqat zamanı iştirakçıların qan
nümunələri analiz olunaraq epigenetik saat adlandırılan bioloji
qocalma göstəricilərində dəyişikliklər araşdırılıb.

Nəticələr göstərib ki, multivitamin qəbul edən iştirakçılarda
epigenetik saatlardan ikisi üzrə bioloji qocalma tempi plasebo
qəbul edənlərlə müqayisədə daha yavaş olub. Alimlərin
hesablamalarına görə, bu təsir iki il ərzində bioloji qocalmanın
təxminən dörd ay azalmasına bərabərdir.

Araşdırmanın müəlliflərindən olan epidemioloq doktor Hovard
Sesso bildirib ki, bu nəticələr bütün yaşlı insanların mütləq
multivitamin qəbul etməli olduğu anlamına gəlmir. Onun sözlərinə
görə, multivitaminlərin zərəri ilə bağlı ciddi risk məlum olmasa
da, kimin və hansı hallarda daha çox fayda əldə edəcəyi hələ də
dəqiq müəyyən edilməyib.




Eyni zamanda bəzi mütəxəssislər nəticələrin çox məhdud olduğunu
qeyd edirlər. Tədqiqat göstərib ki, kakao ekstraktı bioloji
qocalmaya təsir göstərmir və multivitaminlə birlikdə əlavə effekt
yaratmır.

Alimlər vurğulayırlar ki, multivitaminlərin müşahidə olunan
təsirinin real klinik faydalarla əlaqəsini müəyyən etmək üçün daha
geniş araşdırmalara ehtiyac var. Bir sıra mütəxəssislər isə sağlam
qidalanmanın – xüsusilə meyvə və tərəvəzlə zəngin pəhrizin –
vitamin əlavələrindən daha faydalı olduğunu bildirirlər.

İspaniyalı alim Pilar Guallar Kastilyon insanlara vitamin
əlavələrinə pul xərcləməkdənsə, balanslı və müxtəlif qidalanmağa
üstünlük verməyi tövsiyə edib.

Qeyd edək ki, bioloji yaş insanın orqanizminin faktiki
vəziyyətini göstərir və çox vaxt DNT metilləşməsi adlanan prosesdə
baş verən dəyişikliklər əsasında müəyyən edilir. Bu dəyişikliklər
yaş artdıqca toplanır və genlərin fəaliyyətinə təsir göstərir.