Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın nümayəndə heyəti Kot-d’İvuar Respublikasının Abican
şəhərində səfərdə olub.

Bu barədə Trend
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat
verilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyi heyətinə nazir müavini
Yalçın Rəfiyev, SOCAR heyətinə isə qurumun prezidenti Rövşən Nəcəf
rəhbərlik edib.

Səfər çərçivəsində Y.Rəfiyev ilə Kot-d’İvuarın xarici işlər,
Afrika inteqrasiyası və diaspor naziri Niale Kaba arasında təkbətək
görüş keçirilib.

Görüşdə Azərbaycanla Kot-d’İvuar arasında münasibətlərin
tərəfdaşlıq ruhunda inkişaf etdiyi, ölkələrimiz arasında çoxtərəfli
münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd
edilib.

Daha sonra iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk
siyasi məsləhətləşmələr baş tutub. Nazir müavinlərinin rəhbərliyi
ilə keçirilən məsləhətləşmələrdə hər iki ölkənin müvafiq səfirləri
və nümayəndələri iştirak edib.

Siyasi məsləhətləşmələr zamanı beynəlxalq platformalar
çərçivəsində səmərəli və konstruktiv münasibətlərə istinad
edilərək, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti
vurğulanıb.

Bununla yanaşı, ölkələrimizin xarici siyasət prioritetləri,
qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular barədə
ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkələrimiz arasında inkişaf edən siyasi münasibətlərin
iqtisadi, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və
humanitar-mədəni sahələrdə səmərəli əməkdaşlığın gücləndirilməsi
üçün əlverişli əsas yaratdığı qeyd olunub.

Səfər zamanı SOCAR Prezidentinin Kot-d’İvuarın Mədənlər, Neft və
Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə
baş direktorluğunun, eləcə də Kot-d’İvuarın milli neft şirkəti olan “PetroCI”nin rəhbər heyəti ilə görüşləri keçirilib. Ölkələrimiz
arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən
neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi,
investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə
olunub.