
Bakı. Trend:
Azərbaycan və İran arasındakı münasibətlər böyük ölçüdə
Azərbaycan tərəfinin konstruktiv və normal qonşuluq siyasəti
sayəsində qorunub saxlanılıb.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, zaman-zaman İranın Azərbaycana qarşı
qeyri-dost hərəkətləri müşahidə olunub:
“Hətta Azərbaycanın torpaqlarının işğalı dövründə və sonrakı
proseslərdə də, təəssüflər olsun ki, müsəlmanlıqdan, qonşuluqdan,
qardaşlıqdan və tarixi köklərdən danışan İran əməldə bunun əksini
nümayiş etdirib. İran tərəfi dəfələrlə Azərbaycana qarşı qeyri-dost
münasibət sərgiləyib. Siyasi xadim bir söz deyib, ordu başqa söz
deyib, generallar bir cür danışıb, mollalar isə fərqli mövqe ortaya
qoyublar.
Yəni ümumilikdə, İrandan Azərbaycana qarşı qeyri-səmimi və
qeyri-dost münasibətlərin şahidi olmuşuq. Buna baxmayaraq,
Azərbaycan daim milli maraqlarına söykənən, özünə qarşı
hörmətsizliyi qəbul etməyən siyasət yürüdüb. Bununla yanaşı, ölkə
konstruktiv qonşuluq münasibətləri və qarşılıqlı etimada əsaslanan
siyasət nümayiş etdirib və bunu praktikada reallaşdırıb.
İranın son günlər Birləşmiş Ştatlar və İsraillə yaşadığı
gərginliyin müharibə mərhələsinə keçməsi fonunda baş verən
hadisələrə Azərbaycanın yanaşması isə olduqca ləyaqətli və balanslı
olub”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu
ölkəyə münasibətdə göstərdiyi konkret mövqe də bunu
təsdiqləyir:
“Dövlətə başsağlığı verilməsi, həmin ölkənin Azərbaycandakı
səfirliyinə gedilməsi, xatirə kitabına başsağlığı sözlərinin
yazılması Azərbaycanın rəsmi mövqeyini ortaya qoyur. Bu mövqe ilk
növbədə sabitliyin qorunmasına, tərəflərin dialoq masasına dəvət
olunmasına və regionda gərginliyin artmamasına yönəlib. Azərbaycan
açıq şəkildə bildirib ki, qonşuluğunda hər hansı gərginliyin
yaranmasını arzulamır və bölgədə sabitliyin tərəfdarıdır. Lakin baş
verən son hadisələr fonunda İranın molla rejiminin yenidən kin və
düşmənçilik nümayiş etdirməsi Azərbaycana qarşı münasibətin real
mənzərəsini ortaya qoyur. İran tərəfindən Azərbaycanın Naxçıvan
ərazisi istiqamətində, hava limanı yaxınlığına raket və pilotsuz
uçuş aparatının atılması ciddi narahatlıq doğurur.
Belə addımlar qonşuluq və qarşılıqlı etimada ciddi zərər vurur.
Dövlət siyasəti emosiyalarla deyil, məntiqlə və düşünülmüş siyasi
strategiya ilə idarə olunmalıdır. Təəssüflər olsun ki, İranın molla
rejimi belə addımlara əl atır və Azərbaycana qarşı münasibəti açıq
şəkildə ortaya qoyur”.
Vüqar İskəndərov əlavə edib ki, bu cür addımlar qətiyyətlə
pislənir. İran tərəfi bu hadisəni dərhal araşdırmalı və məsul
şəxslər barədə müvafiq tədbirlər görməlidir. Azərbaycanın ünvanına
yönələn belə addımlar qəbuledilməzdir.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub.
İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon
Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat
yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd
olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu
kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz
tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb, İran tərəfinə kəskin etiraz bildirilib.


