
Bakı. Trend:
Cənub-Şərqi Avropa və Balkan ölkələri Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) strateji inkişafının əsas istiqamətlərindən biri
kimi qalmaqdadır.
Bunu SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad
Heydərov Trend-ə
verdiyi özəl müsahibədə bildirib.
“2025-ci ildə biz qaz təchizatı və transsərhəd nəqli sahəsində,
eləcə də qazpaylayıcı şəbəkə layihələrinin inkişafı, xam neft
tədarükü və neft məhsullarının daxili bazarında mövcudluğun
genişləndirilməsi, bərpa olunan enerji və qaz əsaslı elektrik
enerjisi istehsalı istiqamətlərində işləri davam etdirdik”, – deyə
o qeyd edib.
Konkret layihələrdən danışan Murad Heydərov bildirib ki,
tərəfdaş “Asarel Group” ilə birgə SOCAR Bolqarıstanın Panaqyurişte
şəhərində qazpaylayıcı şəbəkənin tikintisi layihəsi üzrə ilkin
mühəndis layihələndirmə və layihə sənədlərinin hazırlanması (Front
End Engineering Design – FEED) işlərini yerinə yetirib və
tamamlayıb.
“Əldə olunan nəticələr əlavə təhlil və qiymətləndirmə tələb
edir. 2026-cı ildə birgə səylərimiz məhz buna yönələcək”, – deyə o
əlavə edib.
Bundan başqa, M. Heydərov vurğulayıb ki, 2025-ci ildə
“Bulgargaz” şəbəkəsinə qoşulmayan regionlara sıxılmış təbii qazın
(CNG) tədarükünü nəzərdə tutan hibrid qazlaşdırma layihəsi
çərçivəsində uğur əldə olunub.
“Biz Ruse vilayətində məscid və kilsə də daxil olmaqla 46 sənaye
və 5 sosial istehlakçını qazla təchiz etmişik. 2025-ci ildə ümumi
qaz tədarükü həcmi təxminən 80 milyon kubmetr təşkil edib”, – deyə
o bildirib.
SOCAR-ın Bolqarıstanda neft məhsulları bazarındakı fəaliyyəti
ilə bağlı Murad Heydərov qeyd edib ki, şirkət hazırda ilkin pilot
tədarüklər çərçivəsində kommersiya imkanlarını və perspektivləri
qiymətləndirir:
“Ənənəvi təchizatçının dominantlıq etdiyi bazara daxil olmağın
mürəkkəbliyini nəzərə almaq lazımdır. Lakin biz genişlənmə
istiqamətində səylərin davam etdirilməsində bir çox üstünlüklər
görürük”, – deyə o bildirib.
Bundan başqa M. Heydərov qeyd edib ki, 2025-ci ildə “Azerbaijan
Gas Supply Company” (AGSC) və SOCAR tərəfindən Bolqarıstana ümumi
qaz tədarükü həcmi 2 milyard kubmetrdən bir qədər az olub ki, bu da
2024-cü ilin göstəricisinə yaxındır:
“Cari və növbəti illər üçün proqnozlar Bolqarıstan bazarındakı
tələbatdan və regional qaz portfelimizdən asılıdır”.
SOCAR-ın Albaniyadakı fəaliyyəti barədə danışan M. Heydərov
xatırladıb ki, şirkət “NUR” pilot qazlaşdırma layihəsini Korça
şəhərində Albaniyanın Baş naziri Edi Rama və Azərbaycanın
energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən ictimai
dinləmələrdə təqdim edib.
“Biz bu ilin sonunadək yekun nəticələrin əldə olunması məqsədilə
FEED mərhələsinə başlamışıq. Paralel olaraq, “SOCAR Gas Albania
Korça” şəhərində qazpaylayıcı şəbəkənin tikintisinə qədər sıxılmış
təbii qazın vaxtından əvvəl tədarükü imkanlarını yoxlamaq üçün
bütün zəruri texniki və kommersiya araşdırmalarını aparır.
Kommersiya tədarüklərinə 2026-cı ilin sonunadək başlamağı
planlaşdırırıq. Qəbul edən ölkə hökuməti ilə Sazişin (Host
Government Agreement) layihəsi artıq hazırlanıb və onun həyata
keçirilməsi üçün növbəti addımlar atılacaq”, – deyə o bildirib.
SOCAR-ın qazlaşdırma layihələrinin Albaniyanın digər bölgələrinə
mümkün genişləndirilməsi ilə bağlı suala cavab olaraq M. Heydərov
dəqiqləşdirib ki, layihənin ilkin mərhələsində bu nəzərdə tutulmur,
lakin şirkət sonrakı mərhələlərdə Korça şəhərinə yaxın digər
ərazilərə çıxış imkanını istisna etmir.


