AİB “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasını işə salıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qazaxıstan və Özbəkistan
hökumətləri ilə birgə martın 4-də Bakıda “Xəzər Yaşıl Enerji
Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə
başlanğıc seminarı (Stage 1 Feasibility Study) keçirib.

Bu barədə Trend
banka istinadən məlumat verir.

Seminar Xəzər regionu ölkələri arasında regional elektrik
enerjisi şəbəkəsinin yaradılması imkanlarının araşdırılmasının
birinci mərhələsinə hazırlıq baxımından əsas mərhələ olub.

Tədbir dəyirmi masa və potensialın artırılması üzrə təlim
formatında təşkil olunaraq yüksək vəzifəli dövlət rəsmilərini,
ötürücü sistem operatorlarını, enerji və telekommunikasiya
tənzimləyicilərini, inkişaf tərəfdaşlarını və texniki ekspertləri
bir araya gətirib. İştirakçılar ilkin mərhələnin nəticələrini
müzakirə edib, ilkin qənaətləri nəzərdən keçirib və
texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dəstək məqsədilə
analitik yanaşmalar üzrə razılığa gəliblər.




“Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsü Xəzər regionunda bərpa
olunan enerji ticarətini təşviq edəcək və gələcəkdə Avropa enerji
bazarları ilə potensial inteqrasiyanı mümkün edəcək regional
elektrik interkonnektorunun yaradılmasına yönəlib. Araşdırma
2025-ci ilin aprelində imzalanmış Anlaşma Memorandumuna əsaslanır
və rəsmi olaraq 2026-cı ilin fevralında işə salınıb.

Seminar çərçivəsində iştirakçılar tələbatın proqnozlaşdırılması,
generasiya, bərba olunan enerji inteqrasiyası ssenariləri, şəbəkə
tədqiqatları və sualtı kabel konsepsiyaları daxil olmaqla
birləşdirmə variantlarının planlaşdırılması sahəsində texniki
biliklərini gücləndiriblər. Həmçinin telekommunikasiya və
sistemlərin istismarı məsələləri, normativ-hüquqi aspektlər və
layihənin təklif olunan icra planı müzakirə olunub.

Seminar “Stage I Feasibility Report”un hazırlanması üçün məlumat
tələbləri, vaxt cədvəli və növbəti addımlar, eləcə də araşdırmanın
ikinci mərhələsinə hazırlıq üzrə razılaşma ilə yekunlaşıb.

AİB araşdırmanın həyata keçirilməsini Asiya İnfrastruktur
İnvestisiya Bankı və CAREC Proqramı çərçivəsində layihə
məsləhətçiləri ilə birgə dəstəkləyir. Proqram regional əməkdaşlığın
gücləndirilməsinə və dayanıqlı energetikanın inkişafına
yönəlib.