
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinə rəsmi qoşulmuş ölkələrlə yanaşı, digər regional tərəflər də təşəbbüsdə iştirak etməyə ciddi maraq göstərir.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə birinci inkişaf mərhələsinin Texniki-İqtisadi Əsaslandırma sənədinə dair ilk seminarda bildirib.
O, layihəni böyük perspektivə malik təşəbbüs kimi dəyərləndirərək, dəhlizin Xəzər və Qara dəniz regionlarını birləşdirməklə Mərkəzi Asiyadan Avropa bazarlarına təmiz bərpa olunan enerjinin ötürülməsini təmin edəcəyini bildirib.
Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov isə ölkəsinin 2030-cu ilədək ümumi enerji istehsal gücünü 26 QVt-a qədər artırmağı hədəflədiyini və bunun 30-35 %-ni isə bərpa olunan enerji mənbələrinin payına düşəcəyini bildirib. O vurğulayıb ki, Qazaxıstan zəngin enerji ehtiyatlarına malikdir və bu dəhliz vasitəsilə təmiz enerjini Avropa bazarlarına ixrac etmək niyyətindədir.
“Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov da layihəyə böyük maraq göstərdiklərini ifadə edərək, onu yüksək perspektivli təşəbbüs kimi qiymətləndirib. Özbəkistanın ölkə daxilində mühüm enerji infrastrukturlarına böyük həcmlərdə investisiyalar yatırdığını, 2030-cu ilədək regional şəbəkəyə qoşulmaq və Avropaya ixrac etmək üçün əlavə elektrik enerjisi güclərinə malik olmağı hədəflədiyi bildirilib.
Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə direktoru Sunniya Durani Camal isə layihənin regionda bağlantıların möhkəmlənməsinə dəstək verəcəyini bildirib. Seminarda “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının ilk təqdimatı edilib. İlkin nəticələrin müsbət olduğu vurğulanaraq, birinci mərhələ üzrə analitik çərçivə və növbəti addımlar barədə məlumat verilib.
Sonda iştirakçılar bu mərhələ üzrə TİƏ hesabatının tamamlanması və II Mərhələyə hazırlıq istiqamətində əsas texniki ehtimallar, data tələbləri və növbəti addımlar barədə razılığa gəliblər.
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması ADB və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə tərəfdaşlıq çərçivəsində hazırlanır və 2025-ci ilin aprel ayında imzalanmış Anlaşma Memorandumu ilə dəstəklənir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


