Firudin Qurbanov: Universitet daxili rəhbər vəzifələrdə çalışan qadınların azlığı bizi narahat edir

Baş səhifə
Firudin Qurbanov: Universitet daxili rəhbər vəzifələrdə çalışan qadınların azlığı bizi narahat edir

Ali təhsil müəssisələrində professor-müəllim heyətinin 64,5 %-i, rəhbər vəzifələrdə olan qadınların sayı isə 43 %-dir.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir müavini bu nisbətin narahatedici olduğuna diqqət çəkib:

“Kolleclərdə isə vəziyyət daha müsbətdir. Burada müəllim heyətinin 81,2 %-i, rəhbər heyətin isə 63,9 %-i qadınlardır. Keçən ilin statistikasına görə, ölkədə qadın tədqiqatçıların sayı 50,2 %-dir. Dünyada bu rəqəm 41 faizdir. Bizdə daha yaxşıdır. Amma bu sahədə də rəhbər vəzifələrdə göstəricilər yenə azdır.

Qanunvericilikdə cinsə görə ayrı-seçkilik anlayışının dəqiq müəyyən edilməsi və hüquqların müdafiəsi mexanizmi natamamdır. Yaxşı olar ki, müvafiq məcəllə və təhsil haqqında qanuna beynəlxalq standartlara uyğun dəyişikliklər edilsin.

Əsas hüquqi maneələr məsuliyyətlə bağlıdır. Burada müəyyən boşluqlar var. Təhsil münasibətlərində cinsə görə ayrı-seçkilik müstəqil hüquq pozuntusu kimi ayrıca nəzərdə tutulmayıb. Həmçinin, tədqiqatlar göstərir ki, təbiət və ictimai elmlər üzrə məktəb dərsliklərində gender stereotipləri hələ də mövcuddur”.