
Bakı. Trend:
Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda Fransa prezidenti
Emmanuel Makron televiziya ilə xalqa müraciət edib.
Trend xəbər verir ki, dövlət
başçısı çıxışında təhlükəsizlik və müdafiə tədbirlərini açıqlayıb.
Makron İranın Kiprdə yerləşən Britaniya bazasına hücumundan bir gün
sonra hərbi dəniz qüvvələrinə yeni tapşırıqlar verib. Onun
göstərişi ilə Fransanın yeganə aviadaşıyıcısı “Charles de Gaulle”
Aralıq dənizi istiqamətində hərəkətə başlayıb. Eyni zamanda,
“Languedoc” freqatı Kiprə doğru yönəlib. Bu addım Parisin regionda
vəziyyətin nəzarətdən çıxması ehtimalına qarşı hazırlıq gördüyünü
göstərir.
Makron münaqişənin qeyri-sabitlik gətirdiyini və gətirəcəyini
bildirib. O, daha əvvəl, Fransanın yeni nüvə doktrinasına dair
çıxışında Yaxın Şərqdə ölkə sərhədlərinə yaxın mümkün alovlanma
barədə xəbərdarlıq etmişdi. Prezidentin sözlərinə görə, qaydalar
sistemi dağılıb və Fransa öz maraqları əsasında silahlara nəzarət
mexanizmlərinin yenidən qurulmasına çalışmalıdır.
Fransa prezidenti münaqişədən təsirlənən bir sıra ölkələrin
liderləri, o cümlədən Livan, Qətər və BƏƏ rəhbərliyi ilə danışıqlar
aparıb. Paris həm diplomatik kanalları açıq saxlamağa, həm də hərbi
hazırlıq səviyyəsini artırmağa çalışır.


