Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

Baş səhifə

Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması məsələsi gündəmdədir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, elmi araşdırmalar, habelə bu sahədə digər ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcminə, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısına və miqdarına yenidən baxılması zəruridir.

S.Əliyeva qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkimməsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq, bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir.

O həmçinin bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir.

Ombudsman əlavə edib ki, əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi vacibdir:

“Bununla əlaqədar, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi də məqsədəmüvafiqdir”.