AİB Azərbaycanın da iştirak etdiyi yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafı üzrə layihəni nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan
və Özbəkistanın iştirak etdiyi Mərkəzi Asiya Regional İqtisadi
Əməkdaşlıq Proqramı (CAREC) ölkələri üçün yeni nəsil sərhəd-keçid
məntəqələrinin inkişafı üzrə regional layihəni (Developing New
Generation Border Crossing Points) nəzərdən keçirir.

Trend bu barədə
banka istinadən məlumat yayıb.

Layihənin maliyyələşdirilməsinin ABŞ dolları ekvivalentində 1
milyon dollar həcmində Texniki Yardım üzrə Xüsusi Fond vasitəsilə
həyata keçirilməsi nəzərdə tutulur.




Layihə CAREC ölkələrinə iqlim dayanıqlılığına xüsusi diqqət
yetirməklə və innovativ həllərin tətbiqi əsasında yeni nəsil
sərhəd-keçid məntəqələrinin hazırlanmasına dəstək göstərməyi
hədəfləyir.

Layihə çərçivəsində bir neçə prioritet sərhəd-keçid məntəqəsi
üzrə hazırlıq işlərinin aparılması planlaşdırılır. Buraya
texniki-iqtisadi əsaslandırmaların və kompleks ekspertizanın
hazırlanması, eləcə də layihələrin hazırlanması və icrası üçün yeni
yanaşmanın formalaşdırılması daxildir. Bundan əlavə, təşəbbüs CAREC
ölkələrinin sərhəd-keçid məntəqələrinin inkişafı və istismarı
sahəsində institusional potensialının gücləndirilməsini də nəzərdə
tutur.

Layihənin icrası sərhəd-keçid məntəqələrində infrastrukturun və
prosedurların təkmilləşdirilməsinə imkan yaradacaq ki, bu da CAREC
nəqliyyat şəbəkəsi boyunca ticarət əməliyyatları üçün vaxt və
xərclərin azalmasına səbəb olacaq. Sərhəd-keçid məntəqələrinin
modernləşdirilməsi təşəbbüsün əsas nəticələrindən biri olacaq,
beynəlxalq yükdaşımaların sadələşdirilməsinə və regional
əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.